All for Joomla All for Webmasters

Gəncə şəhərində “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilir

8

Bu gün Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilmişdir.

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçiriləm Forum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə şəhər İcra Hakimiyyətinin isə təşkilati dəstəyi ilə baş tutmuşdur.

2016-cı il Avopa Gənclər Paytaxtı elan edilmiş Gəncə şəhərində keçirilən Forumdan öncə iştirakçılar tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə tər-çiçəklər qoyulmuşdur.

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə çıxış edərək, Forumun məqsədi barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti bütün region gənclərinə, o cümlədən Gəncədə yaşayan, eləcə də bu şəhərin ali və orta ixtisas məktəblərində təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərib. Əminliklə deyə bilərik ki, region gəncləri intellektual səviyyəsinə, dünyagörüşünə və digər göstəricilərinə görə nəinki paytax gənclərindən, hətta qabaqcıl ölkələrdəki həmyaşıdlarından geri qalmırlar. Onlar arasında xarici ölkələrdə təhsil alanların, müxtəlif beynəlxalq yarış və müsabiqələrdə yüksək nəticə göstərənlərin sayı çoxdur. Təbii ki, bu forum uğurlarımızı qeyd etməklə yanaşı, eyni zamanda, problemlərimizi, reallaşdırmaq istədiyiniz təşəbbüslərin gerçəkləşdirilməsini müzakirə etmək baxımından əhəmiyyətlidir.

“Davos” formatında keçirilən forumda Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək, təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlər barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan Avropanın nadir ölkələrindəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı, Gənclər Fondu da fəaliyyət göstərir, dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərd olaraq gənclərin layihələrinə dəstək verilir. Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirib ki, bunlardan da 30 faizi gənclər təşkilatlarına, 70 faiz isə 16-29 yaşlı fərdi şəxslərə məxsusdur. Region gəncləri də bütün müsabiqələrdə çoxluq təşkil edir və Gənclər Fonduna maraqlı təşəbbüslərlə müraciət ünvanlayırlar. Orxan Ərəbov gələcəkdə də onlardan maraqlı təşəbbüslərin irəli sürüləcəyinə əminliyini bildirmişdir.

Gəncə şəhər Gənclər və İdman İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxışında yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu və gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına məlumat vermişdir. Bildirmişdir ki, müstəqillik illərində Azərbaycanda gənclər siyasətinin uğurlu modeli formalaşıb. Ötən il dövlətimizin başçısı İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq olunub. Hazırda ölkəmizdə gənclərin təhsil almasına, idmanla məşğul olmasına, asudə vaxtının səmərəli təşkilinə, istedadlı və yaradıcı gənclərin inkişafına xidmət edən minlərlə obyektlər fəaliyyət göstərir. Son illər ölkəmizdə 40-dək gənclər evi tikilib. Onlardan biri də Gəncə şəhərində fəaliyyət göstərir. Bu ev də digərləri kimi, region gəncləri üçün ən böyük imkan və stimuldur.

Daha sonra iştirakçılar fikirlərini bölüşmüş, onları maraqlandıran suallar cavablandırılmışdır. Forumda bəzi gənclər bir sıra təşəbbüslər səsləndirmişlər.

Forumun moderatoru A.Həsənzadə bildirmişdir ki, səsləndirilən təkliflər və fikirlər bir daha təhlil ediləcək, səmərəli təşəbbüslərin reallaşdırılması üçün yaxın zamanda “ideya yarmarkası” təşkil olunacaqdır. Layihənin yalnız Forumla yekunlaşmayacağı, bir sıra əhəmiyyətli tədbirlərin keçiriləcəyi də diqqətə çatdırılmışdır.

Forumun sonunda bir qrup fəal gəncə, KİV-lərə, yerli gənclər və idman idarəsinə diplomlar təqdim olunmuşdur.

 

Mətbuat Xidməti