All for Joomla All for Webmasters

Qubada “Region gənclərinin inkişafına dəstək Forumu” keçirildi

3

Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi “Region gənclərinin inkişafına dəstək Forumu”nun növbəti ünvanı Quba rayonu oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi Forum bundan öncə Mingəçevir, Gəncə və Ağcabədidə təşkil olunmuşdur.

Quba rayonunda keçirilən Forum Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra öz işinə başladı.

Forumda giriş sözü ilə Mərkəzin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev çıxış etdi. İ.Fərzəliyev həyata keçirilən Forumun məqsədi barədə iştirakçılara məlumat verdi, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsirindən danışdı. O, region gənclərinin yüksək intellektə, bilik və bacarıqlara malik olduğunu qeyd edərək, gənclərlə aparılan işlərin nəticələrini yüksək qiymətləndirdi. Eyni zamanda rəhbərlik etdiyi ofisin yalnız Qubada deyil, ətraf rayonlarda da geniş iş apardığını, səmərəli fəaliyyətlərin həyata keçirildiyini diqqətə çatdırdı.

“Davos” formatında keçirilən Forumda Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Rəxşəndə Bayramova çıxış edərək, rayonda gənclər üçün yaradılmış şərait barədə məlumat verdi, gənclərin rayonun ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdırdı. O, keçirilən Forumun region gənclərinin problemlərinin araşdırılması, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva çıxış etdi. O, Fondun region gənclərinin inkişafı və  təşəbbüskarlığının artırılmasındakı rolu, habelə bu sahədə görülmüş işlər barədə geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan nadir ölkələrdəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı Gənclər Fondu da fəaliyyət göstərir, dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərdlərin layihələrinə dəstək verilir. Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirmişdir ki, bunlardan da 30 faizi gənclər təşkilatlarına, qalan 70 faiz isə fərdi şəxslərə məxsusdur. Region gəncləri Fondun bütün müsabiqələrində çoxluq təşkil edir və maraqlı təşəbbüslərlə gəlirlər. V.Niftəliyeva çıxışında region gənclərini fəal olmağa və Fondla sıx əməkdaşlığa dəvət etdi.

Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev də çıxışında yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu, o cümlədən gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına məlumat verdi. O, rəhbərlik etdiyi qurumun gənclərin  təşəbbüslərinə hər zaman açıq olduğunu və əməkdaşlıq yollarını diqqətə çatdırdı.

Daha sonra Forum iştirakçıları rəsmi qonaqlarla fikir mübadiləsi apardı, çıxışlar etdi,  onları maraqlandıran suallara cavab tapdılar. İştirakçılar bu cür forumların dövlət-gənclər arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırdılar.

Forum gündəliyə uyğun davam etdirildi.

 

Mətbuat Xidməti